Xaçmazlı gənclər arasında keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb
Xaçmaz, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihəsi çərçivəsində Vətən müharibəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında keçirilən bilik yarışının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşkil olunub.
Tədbirin layihə rəhbəri Ramin Mahmudov bildirib ki, intellektual yarışın əsas məqsədi gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək verməkdir.
Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı İmran Müseyibli, Xaçmaz Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Ceyhun Fərzəliyev layihənin Xaçmaz gəncləri üçün əhəmiyyətindən danışıblar.
Bilik yarışında Xaçmaz rayonunun müxtəlif ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən, tələbələrdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb.
Yekunda qaliblər diplom, kubok və medallarla təltif ediliblər.
Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharibəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitab hədiyyə edilib.
Layihə çərçivəsində bu günədək Siyəzən, Şabran və Qusar rayonlarında keçirilən tədbirlərdə 150 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. Növbəti tədbirlərin Quba rayonunda keçirilməsi nəzərdə tutulub.