Xalidə Sadıqova: Vəziyyətdən yeganə çıxış yolu sürətli vaksinasiyadır
Gəncə, 11 avqust, Elcan Məmmədov, AZƏRTAC
Son günlər yoluxma sayının artması bizə ciddi həyəcan siqnalı çalmağa əsas verir. Yumşalmalara gedilməsi, insanların arxayınlaşması, sanitar-gigiyenik qaydalara əməl olunmaması COVID-19 xəstəliyinin yenidən təhlükəli vəziyyət yaratmasına gətirib çıxarıb. Qonşu Türkiyə, Gürcüstan, İran və Rusiyada da göstəricilərin yenidən yüksəldiyini və yoluxma faizinin qalxdığını müşahidə edirik.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yeni Gəncə Tibb Mərkəzinin vaksin məntəqəsinin məsul şəxsi, həkim Xalidə Sadıqova söyləyib.
O bildirib ki, karantin qaydalarının yumşalması, şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi, maska və spirtdən istifadənin azalması, xüsusi risk qrupunda olan insanların tez-tez əhalinin sıx toplaşdığı iri obyektlərə, ticarət mərkəzlərinə, şənliklərə getməsi yenidən virusa yoluxma hallarını artırıb.
“Biz sahə həkimləri ilə də söhbətlər aparırıq. İnsanlara vaksinin əhəmiyyətini, vaksinasiyanın vacibliyini izah etməyə çalışırıq. Bildiririk ki, bizim mövcud vəziyyətdən yeganə xilasımız vaksinasiyadan keçir. Qonşu ölkələrə baxın. Son günlərdə Gürcüstanda gündəlik yoluxma sayı 3344 nəfərə qalxıb. Rusiya kimi insanların sıx yaşadığı bir ölkədə, təkcə Moskvada gündəlik yoluxanların sayında 20 faiz artım qeydə alınıb. Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. Bunlar ciddi rəqəmlərdir. Virusun yayılma sürəti göstərir ki, onunla zarafat etmək olmaz”, - deyə X. Sadıqova diqqətə çatdırıb.
Həkim bəzi insanların hər hansı bir allergik xəstəliyinin olmasını əsas gətirərək vaksinasiyadan yayınmaq istədiyini də deyib: “Mövsümi allergiyası olan insanlar vaksin prosesinə cəlb olunmaq istəmir. Hava şəraiti ilə bağlı, hər hansı bir qida allergiyası ilə bağlı şikayəti olan insanlar vaksinlənmədən çəkinir. Bu kimi hallarda biz onları dərhal məlumatlandırırıq. Hər kəs anlamalıdır ki, vəziyyətdən yeganə çıxış yolu sürətli vaksinasiyadır”.
O qeyd edib ki, bunun üçün bütün şəhər və rayonlarda iri ticarət mərkəzlərində vaksin məntəqələri yaradılıb.