XALQ ARTİSTİ İSLAM RZAYEVİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Teatrın direktoru Arif Qazıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, gecədə çıxış edən natiqlər İslam Rzayevin klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub saxlamaq, onlara yaradıcı münasibət bəsləmək, bütün imkanları muğamın bütöv şəkildə ifasına yönəltmək yaradıcılığından və öz dəst-xətti ilə seçilən xanəndəlik məharətindən, yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmış sənətkarlığından, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsində böyük zəhmətindən söhbət açmış, ona uğurlar arzulamışlar.
Qeyd edilmişdir ki, İslam Rzayevin uzun illər bədii rəhbəri olduğu Dövlət Muğam Teatrı milli musiqimizin təbliğ olunmasında və yeni istedadların üzə çıxarılmasında mühüm rol oynamışdır. Öz repertuarının rəngarəngliyi və zənginliyi ilə seçilən Muğam Teatrının fəaliyyəti musiqi ictimaiyyətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.
Xalq artisti, professor İslam Rzayev yaradıcılığına göstərilən diqqətə və ehtirama görə minnətdarlığını bildirmişdir.
Gecədə incəsənət ustalarının ifasında xalq mahnıları, muğam və təsniflər oxunmuşdur.