Xalq Cümhuriyyətinin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən olub
Qax, 26 may, AZƏRTAC
Xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət xalqımızın tarixində böyük izlər qoyub, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 28 May – Müstəqillik Günü münasibətilə mayın 26-da Qax şəhərində keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
YAP Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı rayon icra hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq, Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Bildirilib ki, zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad, müstəqil dövlət uğrunda uzun və mücadilərlə dolu bir yol keçib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, XX əsrin əvvəlində başlanmış milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.
Diqqətə çatdırılıb ki, cəmi 23 ay yaşamış Cümhuriyyətin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Ümummilli Lider Heydər Əliyevin böyük zəhməti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil respublikamız qarşıya çıxan bütün maneə və çətinlikləri dəf edərək, bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatıb. Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya dövlətləri içərisində öz layiqli yerini tutub.
YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxışında Azərbaycan xalqının ilk demokratik respublikasının fəaliyyət dövrünün milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Konfransda çıxış edənlər Ulu Öndərin xalqımıza ərmağan etdiyi müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını vurğulayıblar.
Müxbir – Mustafa Dadaşov