ELM VƏ TƏHSİL
Xalq yazıçısı Elçinin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
![](/files/galleryphoto/2023/2/1200x630/1684766801361715740_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684766801993646096_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847668014786536439_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684766801279715035_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847668013448753503_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847668014563417236_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16847668013996336882_1200x630.jpg)
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, “İstiqlal” ordenli, professor, Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə “İki əsrin görkəmli sənətkarı” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, əvvəlcə Xalq yazıçısı Elçinin yaradıcılığı ilə bağlı Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilən sərgiyə baxış keçirilib.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin Əfəndiyevin zəngin və çoxcəhətli yaradıcılığı ilə dünyaşöhrətli sənətkar zirvəsinə yüksəldiyini vurğulayıb. İsa Həbibbəyli Xalq yazıçısı Elçinlə ilk tanışlığının Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu qeyd edərək, onun bu institutda fəaliyyət göstərmiş akademiklər Məmməd Arif, Məmməd Cəfər, tanınmış alimlər Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə kimi böyük ədəbiyyat xadimlərimiz, ədəbiyyatşünaslarımız, tənqidçilərimizlə olan səmimi dostluq münasibətlərindən bəhs edib. O, Elçinin Azərbaycan ədəbi-ictimai fikir tarixində hərtərəfli şəxsiyyət həm yazıçı, ədəbiyyatşünas, dramaturq, həm də ictimai xadim kimi qəbul olunduğunu bildirib. AMEA rəhbəri Elçinin əsərlərinin həyatın ziddiyyətlərini, kiçik insanları, ideologiyanı, Azərbaycan gerçəkliyini ən təbii, dolğun və gözəl şəkildə əks etdirdiyini vurğulayıb. O, görkəmli yazıçının yaradıcılığında Abşeron hekayələrinin xüsusi yerə malik olduğunu qeyd edərək, Elçinin “Baladadaşın ilk məhəbbəti” əsərinin Azərbaycan hekayə janrının ən möhtəşəm nümunələrindən biri olduğunu dilə gətirib.
AMEA prezidenti Elçinin ədəbiyyata xidmət etməkdən heç zaman yorulmadığını, bu gün də öz nəhəng ədəbiyyat arxivi ilə ədəbiyyatşünaslığımızı zənginləşdirməyə davam etdiyini vurğulayıb, ictimai xadimə yeni yaradıcılıq uğurları arzu edib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov 60-cı illər nəslinin görkəmli nümayəndəsi Elçin Əfəndiyevin Azərbaycan reallıqlarını olduğu kimi təqdim edən, sağlığında klassik yazıçıya çevrilən şəxsiyyətlərdən olduğunu bildirib. O, Xalq yazıçısı Elçinin mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri ilə seçildiyini, böyük mədəniyyət təşkilatçısı olduğunu söyləyib. Yazıçının özünəməxsus yaradıcılıq yolundan söz açan direktor onun tamaşaya qoyulan hər bir əsərinin gənc nəsil üçün məktəb rolunu oynadığını qeyd edib.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli və professor Qəzənfər Paşayev çıxış edərək Xalq yazıçısı Elçinlə bağlı xatirələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, Xalq yazıçısı, ictimai xadim və ədəbiyyat tənqidçisi Elçin ölkəmizin elmi-ədəbi və ictimai mühitində çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə özünəməxsus yeri və mövqeyi vardır. O, yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının, eyni zamanda, son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir. Elçin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir.
Tədbirdə “Elçinin hekayə poetikası”, “Yazıçı tənqidinin özəllikləri”, “Elçinin “Baş” romanının kompozisiya-struktur polifonizmi”, “Zamanın Elçin teatrı və Elçin teatrının zamanı” və “Elçin nəsri mif və folklor kontekstində” mövzularında məruzələr dinlənilib.
Sonda çıxış edən Xalq yazıçısı Elçin tədbirin təşkilatçılığı üçün Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirib və tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, gənclik illərinin bir qisminin Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu qeyd edərək, bu elmi müəssisənin Azərbaycan ədəbi tənqidinin, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində, genişlənməsində böyük xidmətlər göstərmiş bir elm ocağı olduğunu vurğulayıb.