Xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir
Şəki, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Liderin vəfatının on yeddinci ildönümü ilə əlaqədar dekabrın 12-də Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sən elə bir zirvəsən..” adlı videokonfransda səsləndirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Şəki “ASAN xidmət” mərkəzinin könüllüləri, fəal gənclər iştirak ediblər.
Konfransın əvvəlində ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Videokonfransı Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov açaraq Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Vurğulanıb ki, Ulu Öndər Birinci Qarabağ müharibəsində atəşkəsə nail olmaqla, ölkədəki vətəndaş müharibəsini dayandırmaqla və quruculuq işlərinə başlamaqla dövlətimizin gələcək tarixində əsaslı dönüşün təməlini qoyub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib.
Videokonfransda şəhər icra hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Cəfərova və başqaları çıxış edərək, dahi rəhbərin mənalı ömür yolu barədə danışıblar.
Bildirilib ki, Ulu Öndər hakimiyyətə qayıtdığı gündən əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycan haqqında qərəzli təbliğatlara real faktlarla cavab vermək, erməni yalanlarını ifşa etmək olub. Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu ərazi bütövlüyümüzün bərpasını sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışıb. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaq. Nəyin bahasına olur-olsun”.
27 il sonra ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. İldən-ilə güc toplayan Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz zəfər çıxışlarından birində deyib: “Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Torpaqlarımızı azad etdik! Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”
Videokonfransın sonunda “Heydər Əliyev və tərəqqi yolunun başlanğıcı” adlı videoçarx nümayiş etdirilib.