Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
İllərin həsrəti, yurd yanğısı və yaddaşlara həkk olunmuş ağrılı-acılı xatirələr bu gün sevinc göz yaşlarına qarışıb. Ömrü məcburi köçkünlük həyatının çətinlikləri ilə keçən, lakin ürəyindəki Vətən sevgisini bir an olsun belə sönməyə qoymayan Əzizə Mirzəyevanın timsalında soydaşlarımızın neçə illik arzuları gerçəkləşir.
AZƏRTAC xəbər verir ki, Bakıdan doğma Xankəndi şəhərinə yola düşən keçmiş məcburi köçkün, şəhid anası Əzizə Mirzəyeva keçirdiyi unudulmaz hissləri bölüşərkən bu qayıdışın yalnız coğrafi deyil, həm də mənəvi bir bütövləşmə olduğunu vurğulayıb: "Çox qarışıq hisslər keçirirəm. Köçkün kimi ayrı-ayrı vaxtlarda 11 yerdə məskunlaşmışam. Şükür Allaha, nəhayət ki, doğma yurdumuza qayıdırıq."
Bu qısa cümlələrin arxasında onilliklərlə çəkilən məşəqqətlər, yurd-yuva həsrəti, hər dəfə başqa bir ünvanda kök salmağa çalışarkən yaşanan çətinliklər dayanır. On bir fərqli ünvan dəyişən, hər dəfə "görən yenə yurdumuza qayıdacağıq?" sualı ilə yaşayan bir ana üçün Xankəndiyə qayıtmaq ədalətin bərpası, əzabların Zəfərlə taclanmasıdır.
Əzizə xanım övladını Vətən uğrunda şəhid verən məğrur analarımızdandır. O, bu qürurlu anlarda canlarını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fəda etmiş qəhrəman şəhidlərimizi minnətdarlıqla anıb, onlara Allahdan rəhmət, qazilərimizə isə möhkəm cansağlığı arzulayıb.