“Xəmsə” intellektual oyunu üzrə Qəbələ rayon birinciliyində 16 komanda mübarizə aparıb
Qəbələ, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 4-də gənclər arasında “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Qəbələ rayonunda keçirilən seçim turuna yekun vurulub. Qəbələ şəhər 1 saylı tam orta məktəbdə 16 komandanın iştirakı ilə keçirilən birincilikdə 80 məktəbli intellektual biliyini nümayiş etdirib. Yekun nəticələrə əsasən, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası rayon birinciliyinin qalibi adını qazanıb. Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası yarışı ikinci pillədə başa vurub. Bum qəsəbəsinin gəncləri üçüncü olublar.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, seçim turunda fərqlənən hər üç komanda “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Şəkidə keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.
Birinciliyin qaliblərinə idarənin diplomları təqdim olunub.
Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıyır.