Xeyrolla Xadəmi: Rəşt-Xəzər dəmir yolu regional inteqrasiyanın inkişafında mühüm rol oynayacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Gözlənildiyi kimi, iki aydan sonra istismara veriləcək Rəşt-Xəzər dəmir yolu layihəsinin icrası İrana böyük fayda gətirəcək və regional nəqliyyat şəbəkələrinin inkişafına kömək olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iranlı jurnalistlərə İranın nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə dövlət şirkətinin baş direktoru Xeyrolla Xadəmi Gilan əyalətinə səfərindən sonra bildirib.
O qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq dəmir yolu xətti işə salındıqdan sonra 37 kilometrlik Rəşt-Xəzər dəmir yolu Rəşt şəhərini, Fars körfəzini Xəzər dənizi ilə birləşdirəcək.
Baş direktor vurğulayıb ki, Rəşt-Xəzər dəmir yolu İranın şimal hissəsində nəqliyyat marşrutunu yaxşılaşdırmağa kömək edəcək, İran ilə Xəzər dənizi regionu arasında nəqliyyat və ticarət əlaqələrini şimalda və cənubda dəmir yolu şəbəkəsi ilə genişləndirəcək, həmçinin yüklərin və sərnişinlərin daşınmasında daha faydalı və qənaətli üsulu təmin edəcək.
Xadəminin fikrincə, yeni dəmir yolu xətti regionda ticarətə kömək, investisiyaların cəlbi və iş yerlərinin yaranması hesabına iqtisadiyyatın inkişafı üçün stimul olacaq. O, həmçinin İranın şimalında tranzit fəaliyyətinin aktivləşdirilməsinin katalizatoruna çevrilə bilər, çünki Ənzəli azad zonasına birləşir. Bundan başqa, layihə malların nəqlini və yüklərin daşınmasını daha qənaətcil şəkildə təmin edəcək ki, bu da regionda ticarəti yaxşılaşdıracaq.
“Beynəlxalq ticarət yoluna gəlincə, Rəşt-Xəzər dəmir yolu İranın qonşu ölkələrlə əlaqələrinin genişləndirilməsində və beynəlxalq ticarət marşrutlarına qoşulmasında həlledici rol oynayacaq. Bu dəmir yolu dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri ilə birbaşa ticarəti təmin edəcək və perspektivdə İranın Rusiya və Xəzər regionunun digər ölkələri ilə ticarət əlaqələrini möhkəmləndirəcək. Bununla yanaşı, Rəşt-Xəzər dəmir yolu regional inteqrasiyanın inkişafında və qonşu ölkələrlə əməkdaşlıqda mühüm rol oynayacaq”, - deyə şirkətin baş direktoru Xeyrolla Xadəmi bildirib.