XƏZƏR DƏNİZ NEFT DONANMASININ DALĞICLARINA BEYNƏLXALQ SERTİFİKAT VERİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, dalğıcların köməyi olmadan dənizdə neft hasil etmək qeyri-mümkündür. İnşaatçılarla birlikdə onlar sualtı boru kəmərlərinin çəkilişində, platformaların və digər iri obyektlərin quraşdırılmasında iştirak edirlər.
Xəzər Dəniz Neft Donanmasında müqavilə sifarişlərinin yerinə yetirilməsi zamanı yalnız müvafiq sertifikata malik dalğıc kadrlarından istifadə edilir. Bu məqsədlə donanmanın Xəzər Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsində mütəmadi olaraq lazımi sertifikatlara malik dalğıc kadrlarının hazırlığı üzrə işlər aparılır.
Bu günlərdə idarədə orta dərinliklərdə (60 metrədək) işlərin görülməsi üçün beynəlxalq sertifikatların alınması məqsədi ilə təşkil edilən dalğıc kursları başa çatmışdır. Kurslar İMKO Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının ingiltərəli mütəxəssisləri tərəfindən keçirilmişdir. Xəzər Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi 2000-ci ildən Böyük Britaniyanın Aberdin şəhərində yerləşən bu nüfuzlu təşkilatın üzvüdür. Kurslarda təlim keçmək üçün tələblərə uyğun olaraq 3 il və daha çox staja malik, 100 saatlıq dalğıc enmələri olan və ingilis dilini bilən 14 nəfər seçilmişdir. Təlim zamanı sualtı qəzalar, insanların xilas edilməsi və süni nəfəsvermə qaydaları öyrənilmişdir. “Bulla” yatağında “Əli Əmirov” mühəndis-geoloji gəmisindən dərinsulu dalğıc kompleksinin suya salınması həyata keçirilmişdir.
Hazırda ilk dəfə olaraq Xəzər Dəniz Neft Donanmasında supervayzerlərin - dalğıc enmələri üzrə rəhbərlərin kursları təşkil edilir. Bu, suyun altında çalışanların həyat təminatı ilə bağlı çox məsuliyyətli mühəndis fəaliyyətidir. Xəzər Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi bu il Gürcüstanda Kulevi terminalının tikintisində irihəcmli tankerlərin hərəkətinin təminatı üçün kanalların dibinin təmizlənməsi və onların dərinləşdirilməsi üzrə işləri uğurla həyata keçirmişdir. Hazırda terminalda idarənin 12 nəfər dalğıcı öz vəzifə borcunu yerinə yetirir.