Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi mövzusunda yaradıcı müsabiqəyə start verilir
Bakı, 19 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsində təbliğatın gücləndirilməsi məqsədilə “Xəzəri birgə qoruyaq” videoçarx müsabiqəsinə start verilir.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin mövzuları dənizə axıdılan çirkab suların qarşısının alınması, çimərlik ərazilərində tullantıların düzgün idarə olunması, qanunsuz balıq ovu ilə mübarizədir.
Müsabiqədə iştirak üçün tələblər:
- İştirakçı 18 yaşdan yuxarı olmalıdır;
- Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır;
- Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır;
- Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər;
- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri "tag” edilməli və müəllif tərəfindən izlənilməlidir. Paylaşım edilərkən #Xəzərgünü #Xəzəribirgəqoyaq #xəzərmüsabiqə həştəqlərindən istifadə olunmalıdır. Qiymətləndirmədə videoya baxış sayı da nəzərə alınacaq;
- Müsabiqə üçün hazırlanmış materiallar sentyabrın 20-dək [email protected] e-mail ünvanına göndərilməli, müəllifin adı, soyadı, atasının adı, əlaqə vasitəsi qeyd olunmalıdır.
Təqdim olunan işlər aşağıdakı kriteriyalara əsasən seçiləcək:
- Videoçarxın texniki tələb və tövsiyələrə cavab verməsi;
- Mövzulara uyğun problemin və onun həlli yollarının yaradıcı şəkildə təqdim olunması;
- Çağırışların sadə, konkret, orijinal olması.
Müsabiqədə qalibə 1500 manat, 2-ci yeri tutana 1000 manat, 3-cü pillənin sahibinə 800 manat pul mükafatı təqdim ediləcək.
Müsabiqə ilə bağlı sual yarandığı halda (012) 538-15-21 telefon nömrəsi ilə əlaqə saxlanıla bilər.