Xəzər rayonunda 20 kilometrədək daxili küçə və yollarda əsaslı təmir işləri aparılır
Bakı, 27 yanvar, AZƏRTAC
2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində ümumilikdə 51 kilometr uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, asfaltlanan ərazinin sahəsi 350 min kvadratmetrdən çoxdur. Agentlik sözügedən rayon ərazisində kompleks tədbirlərini 2020-ci ildə də davam etdirir. Hazırda Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində uzunluğu 20 kilometrə yaxın daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kvadratmetrdən çoxdur. Təmir işləri uzun müddət əsaslı şəkildə təmir edilmədən istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Mərdəkan qəsəbəsi üzrə Yesenin küçəsi 1-ci dalan, R.Qasımov və B.Əliyev küçələri, Qala qəsəbəsi üzrə 323 nömrəli məktəbin yolu, Qala kənd yolu və “Çörək zavodu” yolu, Şüvəlan qəsəbəsi üzrə “Talışlar məhəlləsi” adlanan ərazinin yolu, Binə qəsəbəsi üzrə İ.Əhmədov küçəsi (parkın ətraf ərazisi), Bünyadzadə küçəsi (117 N-li məktəbin qarşısı), Nizami və Babək küçələri, Buzovna qəsəbəsi üzrə M.Maqomayev küçəsi, Türkan qəsəbəsi üzrə “Üzümçülük sovxozu” adlanan ərazinin əsas küçəsi, Şağan qəsəbəsi üzrə H.Məmmədbəyli, M.Hüseynzadə, Qazmaçılar və Q.Almaszadə küçələrinin kəsişmələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.