Xəzər rayonunda narkomaniya ilə mübarizəyə dair tədbir təşkil olunub
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə interaktiv təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda, qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir.
Digər çıxış edənlər diqqətə çatdırıblar ki, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amil olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotizmlə mübarizə” İctimai Birliyinin hazırladığı “Ağ ölüm-narkotikə “YOX” deyək!” qısametrajlı film nümayiş olunub. Eləcə də tədbirdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş bukletlər paylanılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.