ELM VƏ TƏHSİL
Xəzər Universiteti Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
Bakı, 31 oktyabr (AZƏRTAC). Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və bu özəl ali məktəbin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli Türkiyənin İzmir şəhərində bir sıra universitetlərdə olmuş, maraqlı görüşlər keçirmişlər.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində H.İsaxanlı və Ə.Əmirbəyli İzmir Yüksək Texnologiya İnstitutu, Ege, İzmir Katib Çələbi, İzmir İqtisad, Yaşar, İzmir, Gediz, Doqquz Eylül, və Şifa universitetlərinin rəhbərliyi və digər əməkdaşları ilə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmiş, əməkdaşlığa dair müqavilələr imzalamışlar.
Görüşlərdə H.İsaxanlı rəhbərlik etdiyi ali təhsil ocağının fəlaiyyəti, beynəlxalq əlaqələri, həyata keçirilən proqram və layihələr haqqında geniş məlumat vermişdir.
H.İsaxanlı İzmir Yüksək Texnologiya İnstitutunda təhsil alan bir qrup azərbaycanlı tələbələrlə də görüşmüşdür.