XİN-in MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 31-də Cənubi Afrika Respublikasının /CAR/ Durban şəhərində BMT-nin İnsan Hüquqları Komissarlığı və CAR hökuməti tərəfindən birgə təşkil olunmuş İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və oxşar dözümsüzlüyə qarşı Ümumdünya konfransı öz işinə başlamışdır.
Konfransın əsas məqsədi irqi, dini, milli ayrı-seçkiliyin və dözümsüzlüyün bütün təzahürlərinin qarşısının alınması, insanlar arasında irqçilik, irqi ayrı-seçkilik haqqında məlumatlılıq səviyyəsinin artırılması, irqi ayrı-seçkiliyə səbəb olan siyasi, tarixi, iqtisadi, sosial, mədəni və digər amillərin nəzərdən keçirilməsi, eləcə də ayrı-seçkiliyin bütün növlərinə qarşı mübarizəyə yönəlmiş fəaliyyətlərə dair tövsiyələrin qəbul edilməsidir.
Konfransda respublikamızı Xarici İşlər Nazirliyinin müqavilə-hüquq idarəsi rəisinin müavini Tofiq Musayev və insan hüquqları, demokratikləşdirmə və humanitar problemlər idarəsinin şöbə müdiri Fuad İsmayılov təmsil edirlər.
Azərbaycan Respublikası Mərkəzi və Şərqi Avropa ölkələri qrupundan konfransın bürosuna vitse-prezident vəzifəsinə seçilmişdir.
Sentyabrın 2-də Azərbaycan nümayəndə heyətinin başçısı T.Musayev konfransda çıxış etmişdir. O, ölkəmizdə milli, dini və etnik azlıqların hüquqlarının qorunması sahəsində mövcud vəziyyət haqqında danışmış, Azərbaycan Respublikasının Konstitusiyasında və bütöüvlükdə milli qanunvericiliyində nəzərdə tutulmuş müvafiq müddəalar və azlıqların öz hüquqlarını tam şəkildə reallaşdırması üçün təsbit edilmiş hüquqi əsasın müxtəlif aspektləri barədə geniş məlumat vermişdir. Bununla yanaşı, nümayəndə heyətimizin başçısı milli azlıqların dövlətə və milli qanunvericiliyə, habelə digər azlıqlara hörmətlə yanaşmasının zəruriliyini vurğulamışdır.
T.Musayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında da ətraflı məlumat vermiş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizinin zəbt edilməsi, bir milyona qədər əhalinin öz doğma yerlərindən qovulması və kütləvi etnik təmizləmələrə məruz qalməası faktlarını xüsusi vurğulamışdır.
Daha sonra Ermənistan nümayəndə heyətinin başçısı çıxış edərək, öz dövlətinin tutduğu qeyri-konstruktiv mövqeyi bir daha nümayiş etdirmişdir. Buna cavab olaraq, Azərbaycan nümayəndə heyətinin üzvü Fuad İsmayılov Ermənistan nümayəndəsinin çıxışında səslənmiş fikirlərin əsassız olduğunu və məsuliyyətsiz xarakter daşıdığını tutarlı dəlillərlə konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. O, münaqişənin tarixindən qısaca bəhs edərək, azərbaycanlılara qarşı kütləvi etnik təmizləmələr nəticəsində monoetnik dövlətə çevrilmiş və həmin siyasəti bu gün də israrla davam etdirən Ermənistanın milli azlıqların hüquqlarına hörmət barədə danışmağa heç bir haqqı olmadığını xüsusi vurğulamışdır.
Konfransın sonunda yekun bəyannaməsi və fəaliyyətlər proqramının qəbul edilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi bu Bəyannaməyə və fəaliyyət proqramına daxil edilmək üçün bir sıra təkliflər irəli sürmüşdür: etnik təmizlənmə nəticəsində öz doğma yurdundan didərgin düşmüş qaçqınlarımızın acınacaqlı şəraiti və onların sosial-iqtisadi həyatda iştirakı hüququnun təmin edilməsi; onlara humanitar yardımın lazımi səviyyədə davam etdirilməsinə beynəlxalq humanitar təşkilatlar tərəfindən şəraitin yaradılması; milli azlıqların hüquqlarının müdafiəsi adı altında separatçılığın, şovinizmin, terrorizmin hər hansı bir şəkildə təzahürlərinin yol verilməzliyi.
Konfrans öz işini davam etdirir.