Xızıda polis karantin rejimi qaydalarına əməl etməyənlərə xəbərdarlıq edib
Xızı, 23 avqust, Elxan Yusifli, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının qarşısının alınması məqsədilə müəyyən etdiyi qaydaların yerinə yetirilməsi istiqamətində Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər gücləndirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların hələ də karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.
Vətəndaşlara bildirilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.