Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin qanlı səhifəsidir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Xocalı soyqırımı xalqın əbədi yaddaşıdır. Xocalıya ədalət!” mövzusunda tədbir keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Akademiyanın akt zalında təşkil olunmuş mərasimdə giriş sözü ilə çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirmişdir. Erməni hərbi birləşmələri tərəfindən Xocalıda xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılmasını və dinc əhalinin qətlə yetirilməsini bağışlanmaz cinayət hesab edən natiq, bu ağır faciədə əli olanların öz layiqli cəzalarını alacaqlarına inandığını bildirmişdir.
Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir.
Akademiyanın rəisi vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yeritdiyi müdrik siyasət nəticəsində Xocalı faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılır və dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırımı kimi qəbul etmişdir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən və dünya miqyasında geniş yayılaraq böyük bir coğrafiyanı əhatə edən “Xocalıya ədalət!” kampaniyasını yüksək qiymətləndirən natiq, aparılan bu işlər sayəsində Xocalı faciəsinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanındığını söyləmişdir.
Sonra akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov “Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin qanlı səhifəsidir”, tarix üzrə fəlsəfə doktoru Füzuli İbrahimzadə “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş amansız tarixi cinayətdir”, kursant Süleyman Heydərov “Xocalıya ədalət! çağırışı siyasi uğurlardan biridir” mövzularında çıxış edərək erməni qəsbkarları tərəfindən törədilmiş və bəşər tarixində ən qanlı qətliamlardan biri sayılan Xocalı soyqırımı və onun ağır nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişlər.
Sonra Xocalı soyqırımından bəhs edən film nümayiş olunmuşdur.
Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının şəxsi heyəti adından Xocalı soyqırımı ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.