Xocalı faciəsini dünyaya tanıdaq
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 14 nömrəli Kəlbəcər rayon orta məktəbində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalı faciəsini dünyaya tanıdaq!” mövzusunda tədbir keçirilmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbir Xocalı soyqırımını gənc nəslə mütəmadi tanıtmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına dəstək vermək məqsədilə keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə faciənin əks olunduğu videoçarx nümayiş etdirilmişdir.
Məktəbin direktoru Tahir Kərimov bildirmişdir ki, Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı siyasətinin davamı, nəticəsi və növbəti qanlı səhifəsidir.
İctimai Birliyin sədr müavini Həbib Misirov diqqətə çatdırmışdır ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB mütəmadi olaraq Xocalı faciəsini dünyaya tanıtmaq istiqamətində silsilə layihələr həyata keçirir.
Tədbirin sonunda məktəblilər Xocalı faciəsinə həsr edilən şeirlər söyləmiş, səhnəciklər göstərmişlər.