Xüsusi qabiliyyətlə bağlı ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər
Bakı, 14 may (AZƏRTAC). Xüsusi qabiliyyətlə bağlı ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyətlə bağlı ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər müvafiq qəbul imtahanlarına qatılmaq üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməlidirlər. Onlar, eyni zamanda, seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada aparılacaq seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər.
Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir.
QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir.
Hər bir istiqamət üzrə seçmə turun cədvəli TQDK-nın internet səhifəsində yerləşdirilmişdir.
Qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, tapşırıq nümunələri və metodiki tövsiyələr bu il “Abituriyent” jurnalının xüsusi buraxılışları “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlərdə çap olunmuşdur. Həmçinin ,“Aktyor sənəti” və “Rejissorluq” ixtisasları üzrə TQDK-nın saytında (www.tqdk.gov.az Qabiliyyət imtahanları linki) audio material yerləşdirilmişdir.