“Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” - Lənkəranda regional müşavirə
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Lənkəran şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda növbəti regional müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Müşavirədə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsi, meşə və əkin sahələri ətrafında mineral zolaqların salınması və yanğınların söndürülməsi üçün sututarların yaradılmasının əhəmiyyəti vurğulanıb.
Müşavirədə yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib.