Yanvar-iyun aylarında Nizami rayonunun əhalisinə müxtəlif tibbi xidmətlər göstərilmişdir
Bakı, 26 iyul (AZƏRTAC). Cari ilin yanvar-iyun aylarında Nizami rayonunun əhalisinə müxtəlif tibbi xidmətlər göstərilmişdir.
AZƏRTAC xəbər verir ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda bağırsaq infeksiyaları qrupu üzrə viruslu hepatit 13 faiz, o cümlədən viruslu hepatit “A” 3 hadisə, viruslu hepatit “B” 3 hadisə, skarlatina 2 hadisə və su çiçəyi 3 hadisə azalmışdır.
İlin birinci yarısında rayon üzrə xüsusi təhlükəli xəstəliklərdən sayılan qarın yatalağı, difteriya, göy öskürək, qızılca, məxmərək, quduzluq, vərəm meningenti və mütəşəkkil uşaq müəssisələrində bağırsaq infeksion xəstəlikləri qeydə alınmamışdır. Kəskin bağırsaq infeksiyalı xəstələrin 76,9 faizi xəstəxanaya yerləşdirilmişdir.
Hesabat dövründə rayonda profilaktik peyvəndlərin yerinə yetirilməsi mütəşəkkil qaydada təmin edilmişdir. Yenidoğulmuşlara vərəm əleyhinə peyvənd 99,3 faiz, hepatit “B” əleyhinə 99,4 faiz, poliomielit əleyhinə isə 99,6 faiz yerinə yetirilmişdir.
Ümumilikdə yarım il ərzində uşaqlar arasında aparılmış peyvənd tədbirləri 99,4 faiz uşaq kontingentini əhatə etmişdir. Rayon üzrə obliqat qrup kontingentinin tibbi müayinədən keçirilməsi 94,2 faiz olmuşdur.
Rayonda əhaliyə satılan ərzaq məhsullarının yararlılığı nəzarətə götürülmüş və aparılan reydlər zamanı 36 kiloqram müxtəlif çeşidli yararsız ərzaq məhsulu məhv edilmişdir. Sanitariya qaydalarını pozduqlarına görə 28 nəfər fiziki və hüquqi şəxsə inzibati qaydada cərimə protokolu tərtib edilmiş, 16 obyektin müvəqqəti dayandırılmış, 32 nəfər dövri tibbi müayinədən keçmədiyinə görə müvəqqəti işdən kənarlaşdırılmışdır.