Yanvar-sentyabr aylarında Nizami rayonunun əhalisinə müxtəlif tibbi xidmətlər göstərilmişdir
Bakı, 24 oktyabr (AZƏRTAC). Cari ilin yanvar-sentyabr aylarında Nizami rayonun səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və ləğv edilməsi istiqamətində işlər davam etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 9 ayı ərzində rayonda bağırsaq infeksiyaları qrupu üzrə viruslu hepatit 16 faiz, o cümlədən viruslu hepatit “A” 4 hadisə, viruslu hepatit “B” 4 hadisə, skarlatina 3 hadisə, su çiçəyi isə 7 hadisə azalmışdır.
Xüsusi təhlükəli yoluxucu xəstəliklərdən sayılan qarın yatalağı, difteriya, göy öskürək, qızılca, məxmərək, quduzluq, vərəm meningenti və mütəşəkkil uşaq müəssisələrində bağırsaq infeksion xəstəlikləri qeydə alınmamışdır. Kəskin bağırsaq infeksiyalı xəstələrin 81,3 faizi xəstəxanaya yerləşdirilmişdir.
Yanvar-sentyabr ayları ərzində rayon əhalisi arasında profilaktik peyvəndlərin yerinə yetirilməsi mütəşəkkil qaydada təmin edilmişdir. Yenidoğulmuşlara vərəm əleyhinə peyvənd 99,4 faiz, hepatit “B” əleyhinə 99,6 faiz, poliomielit əleyhinə isə 99,7 faiz yerinə yetirilmişdir.
Ümumilikdə, ötən dövr ərzində uşaqlar arasında aparılmış peyvənd tədbirləri rayon üzrə 99,6 faiz təşkil etmiş, obliqat qrup kontingentinin tibbi müayinədən keçirilməsi isə 96,7 faiz olmuşdur.
Rayonda içməli su təchizatı üzərində ciddi sanitariya nəzarəti həyata keçirilmiş, əhaliyə verilən içməli su mənbələrində bakterioloji və kimyəvi müayinələr aparılmışdır. Bunun nəticəsidir ki, su faktoru ilə əlaqədar heç bir mədə-bağırsaq infeksiyası qeydə alınmamışdır.
Əhaliyə satılan ərzaq məhsullarının yararlılığı nəzarətə götürülmüş və bununla bağlı mütəmadi reydlər keçirilmişdir. Reydlər zamanı 48 kiloqram müxtəlif çeşidli yararsız ərzaq məhsulu məhv edilmişdir, həmçinin sanitariya və əksepidemik qaydaları pozduqlarına görə 37 nəfər hüquqi və fiziki şəxsə inzibati qaydada cərimə protokolu tərtib edilmiş, 21 obyektin fəaliyyəti müvəqqəti dayandırılmışdır. 41 nəfər dövri tibbi müayinədən keçmədiyinə görə işdən müvəqqəti kənarlaşdırılmışdır.