YAP GÖYÇAY RAYON TƏŞKİLATININ VII KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən toplantıda YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov VI konfransdan keçən müddət ərzində görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə məruzə etmişdir. O demişdir ki, YAP-ın sədri İlham Əliyev ölkəmizi yeni inkişaf yoluna çıxarmış, Azərbaycana rəhbərlik etdiyi 5 il ərzində 640 min yeni iş yeri yaradılmış, ictimai-siyasi sabitlik və davamlı sosial-iqtisadi inkişaf təmin olunmuşdur. Hazırda partiyanın Göyçay rayon təşkilatı prezident seçkilərinə ciddi hazırlaşır. Seçki məntəqələri üzrə YAP fəallarından ibarət 5 nəfərlik qruplar yaradılmış, onların iştirakı ilə təlim-seminarlar keçirilmiş, seçici siyahıları dəqiqləşdirilmiş, dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək əsas və məşvərətçi səs hüququna malik olan YAP üzvləri maarifləndirilmiş, partiya fəallarından müşahidəçilər seçilmişdir.
R. İbrahimov onu da bildirmişdir ki, hazırda YAP Göyçay rayon təşkilatı 141 ərazi ilk partiya təşkilatında 5469 üzvü özündə birləşdirir. Onların 2944-ü qadınlar, 1798-i gənclərdir. Təşkilatın VI konfransından sonra 454 nəfər partiya sıralarına daxil olmuşdur.
Sonra rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Eldar İbrahimov ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərinə nəzər salmış, ulu öndərin təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasının böyük təşkilatlanma yolu keçmdiyini və seçkilərdə yüksək nəticələr əldə etməsini diqqətə çatdırmışlar.
Çıxışlardan sonra YAP-ın VII qurultayına nümayəndələr seçilmişdir.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.