Yaponiya hökumətinin dəstəyi ilə Oğuzda yeni layihə həyata keçiriləcəkdir
Oğuz, 6 fevral (AZƏRTAC). Fevralın 6-da Oğuz Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Oğuzun Bucaq kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimi rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski açaraq Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Oğuz Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 10 ildən artıqdır davam etdiyini, qrant yardımı proqramı çərçivəsində indiyədək rayonda su təchizatı və səhiyyə sahəsini əhatə edən 2 layihənin reallaşdığını diqqətə çatdırmışdır. Bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bu bölgəyə ilk dəfə səfər etdiyini bildirmiş, Oğuz rayonunun çox gözəl təbiətə və geniş turizm potensialına malik olduğunu vurğulamışdır. Səfir qeyd etmişdir ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən bu layihələr təhsil, tibb, sosial müdafiə, ətraf mühit, ekologiya və digər sahələri əhatə edir. Məqsəd insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır.
Diqqətə çatdırılmışdır ki, proqram çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 14 milyon 821 min 336 ABŞ dolları olan 179 layihə üzrə qrant müqaviləsi imzalanmışdır.
Layihə barədə məlumat verən “Yaddaş” İctimai Birliyinin sədri İlqar İlyaslı bildirmişdir ki, səhiyyə sahəsi ilə bağlı olan bu layihənin məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün Bucaq kəndində yeni tibb məntəqəsinin tikintisini həyata keçirməkdir. Ümumi dəyəri 121 min 121 ABŞ dolları olan bu layihədən qonşuluqda yerləşən daha üç kəndin sakinləri də faydalanacaqlar.
Sonra səfir Tsuquo Takahaşi və layihənin rəhbəri, İctimai Birliyin sədri İlqar İlyaslı sözügedən layihə üzrə qrant müqaviləsini imzalamışlar.
Layihə üzrə işlərin 5-6 ay müddətinə başa çatdırılması nəzərdə tutulur.
İmzalanma mərasimindən sonra səfir Bucaq kəndinə gəlmiş, tibb məntəqəsinin tikiləcəyi əraziyə baxmış, sakinlərlə görüşmüşdür.