İQTİSADİYYAT
YAPONİYA QIZIL–VALYUTA EHTİYATLARINA GÖRƏ DÜNYADA BİRİNCİDİR
Xarici İnformasiya agentliklərindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Yaponiya oktyabrın sonunadək qızıl-valyuta ehtiyatlarını 626,27 milyard dollara çatdıraraq, yeni dünya rekordu vurmuşdur. Yaponiya Maliyyə Nazirliyi bildirmişdir ki, bu il qızıl-valyuta ehtiyatı 21,4 milyard dollar artmışdır. Yaponiya bu göstəriciyə görə artıq dalbadal 46 aydır ki, dünyada birinci yeri tutur.
Ölkənin qızıl-valyuta ehtiyatları qiymətli metallardan, xarici valyuta ilə bank depozitlərindən, qiymətli kağızlardan, habelə Beynəlxalq Valyuta Fondunun şərti ödəniş vasitəsi olan “xüsusi borcalma hüquqlarından” ibarətdir.
Sonrakı yerlərdə Çin, Tayvan, Cənubi Koreya və Syanqan (Honkonq) gəlir. Rusiya qızıl-valyuta ehtiyatlarına görə avqust ayında dünyada səkkizinci yerdə idi.