Yaponiya vətəndaşlarını təxliyə etmək üçün Əfqanıstana hərbi təyyarə göndərəcək
Tokio, 23 avqust, AZƏRTAC
Yaponiya hökuməti Əfqanıstandakı vətəndaşlarını və bu ölkənin oradakı nümayəndəliklərində çalışmış yerli sakinlərini təxliyə etmək üçün hərbi təyyarə göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 23-də keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato məlumat verib.
“Bu gün axşam Əfqanıstana təxliyə üçün ilk təyyarə göndəriləcək. Bu məsələ Milli Təhlükəsizlik Şurasının səhər saatlarında keçirilmiş iclasında müzakirə olunub”, - deyə baş katib bildirib. K.Katonun sözlərinə görə, söhbət “C-130” hərbi-nəqliyyat təyyarəsindən gedir. İlk növbədə Yaponiya vətəndaşları və onların ailə üzvləri təxliyə ediləcəklər. Həmçinin, Yaponiya səfirliyində, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyində və digər təşkilatlarda çalışmış yerli sakinlərin də Əfqanıstandan təxliyə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Əfqanıstanda dövlət çevrilişi baş verdikdən sonra Yaponiya ilkin olaraq buradakı nümayəndəliyini bağlayıb. Səfirliyin bütün yapon əməkdaşları Dubaya təxliyə olunub.
Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatının yaraqlıları Kabil şəhərinə daxil olaraq, bir neçə saat ərzində şəhərə nəzarəti tam ələ alıblar. Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinə yol verməmək üçün səlahiyyətlərindən imtina edərək, ölkəni tərk edib. Digər ölkələr də vətəndaşlarını və səfirliklərin əməkdaşlarını bu ölkədən təxliyə edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio