Yaponiyada “Fukusima-1” AES-in dördüncü blokunda yanacaq millərinin çıxarılmasına başlanılmışdır
Tokio, 9 noyabr (AZƏRTAC). Qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) əməliyyatın ən ciddi hissəsi olan yanacaq millərinin çıxarılmasına başlanılmışdır.
AES-in digər enerji bloklarından fərqli olaraq, dördüncü blok zəlzələ və sunami zamanı söndürüldüyündən burada böhrandan yayınmaq mümkün olmuşdur. Məhz buna görə də AES-in operatoru olan TEPKO şirkəti işlənmiş millərin çıxarılması əməliyyatına bu blokdan başlanılması barədə qərar qəbul etmişdir. Blokda quraşdırılmış qaldırıcı kranın köməyi ilə millər köhnə hovuzdan çıxarılaraq, yaxınlıqda inşa edilmiş yeni hovuza yerləşdiriləcəkdir.
AES-in direktoru Akira Ono demişdir ki, bu sahədə qazanılmış təcrübə, əməliyyat zamanı heç bir problemin yaranmayacağını söyləməyə əsas verir. Lakin buna baxmayaraq obyektin qəzalı vəziyyətdə olması, icraçıları maksimum ehtiyatlı davranmağa məcbur edir. Digər tərəfdən, 2011-ci ilin martında AES-də partlayış baş verərkən hovuza enerji blokunun damının qırıntıları tökülmüşdü. Bunu nəzərə alan operator şirkət hovuzda işlərin əllə aparılmasını planlaşdırmışdır. Dördüncü blokda yerləşən 1500 milin yeni hovuza köçürülməsinə ən azı bir il vaxt lazım olacaqdır.
A.Ono ümumilikdə AES-in sökülməsi işlərinin 30-40 il davam edəcəyini bildirmişdir: “Bunun üçün biz, uzunmüddətli qurğular hazırlamaq niyyətindəyik. Bundan əlavə, uzun müddət davam edəcək əməliyyatın uğurunu təmin etmək üçün bütünlükdə sistemin yeniləşdirilməsi də nəzərdə tutulmuşdur”.
Vüqar Ağayev,
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio