Yaponiyanın Baş naziri ASEAN ölkələrini səyləri birləşdirməyə çağırıb
Tokio, 27 oktyabr, AZƏRTAC
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) dövlət başçılarının onlayn rejimdə keçirilən sammitinə qatılan Yaponiyanın Baş naziri Fumio Kişida onları azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi üçün səyləri birləşdirməyə çağırıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri, həmçinin 2023-cü ildə Yaponiyada təşkilatla əməkdaşlığın başlamasının 50 illiyinə həsr edilən xüsusi sammitinin keçirilməsini təklif edib. Baş nazir bu addımın Yaponiya ilə ASEAN arasındakı münasibətləri yeni pilləyə qaldıracağını bildirib.
Sammit çərçivəsində Şərqi Çin və Cənubi Çin dənizlərində vəziyyət, Hind-Sakit okean regionu üzrə ASEAN-ın məxsusi əməkdaşlıq çərçivəsinin hazırlanması ilə bağlı məsələlərin müzakirə ediləcəyi qeyd olunub.
Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Baş nazir Fumio Kişida ASEAN, ASEAN+3 və Şərqi Asiya sammitlərinə qatılacaq. Həmin görüşlərdə koronavirusa qarşı mübarizə, iqtisadiyyatın bərpası, Şimali Koreya, Myanmada vəziyyət kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio