Yaponiyanın “Mistui” şirkətinin nümayəndələri “AzMeCo” şirkətinin metanol zavodunda olmuşlar
Bakı, 30 oktyabr (AZƏRTAC). Yaponiyanın aparıcı şirkətlərindən olan “Mitsui” şirkətinin nümayəndələri Qaradağ rayonunda yerləşən “AzMeCo” şirkətinə məxsus metanol zavodunda olmuşlar.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yaponiyalı qonaqlar metanol layihəsi və zavodun istehsal prosesi ilə tanış olmuşlar.
“AzMeCo” şirkətinin nümayəndələri ilə keçirilən görüşdə qonaqlara layihənin perspektivləri və metanol iqtisadiyyatı haqqında ətraflı məlumat verilmişdir.
Yapon iş adamları mürəkkəb infrastruktura malik olan metanol zavodunun Azərbaycanda yerli şirkət tərəfindən yüksək səviyyədə və peşəkarlıqla inşa edilməsinə heyran olduqlarını söyləmişlər.
“Mitsui” şirkətinin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə baş icraçı direktoru Hironobu İşikava “AzMeCo”nun metanol layihəsinin möhtəşəm bir layihə olduğunu və metanol zavodunun ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edəcəyini vurğulamışdır.
Nəzərə çatdırılmışdır ki, indi bütün dünyada inkişaf etmiş ölkələr belə müasir zavodlar tikirlər. Çünki metanol həm iqtisadi, həm də ekoloji cəhətdən gələcəyin əlverişli məhsuludur. Biz Azərbaycan şirkətinin belə müasir və gözəl bir zavod tikməsinə həqiqətən valeh olduq.
Yaponiyanın aparıcı şirkətlərindən olan “Mitsubishi” və “Japan Gasoline Corporation” (JGC) nümayəndələri də “AzMeCo” metanol zavodunda olmuş və Azərbaycanda dövlət tərəfindən özəl sahibkarlıq üçün yaradılan imkanları yüksək qiymətləndirmişlər.
2007-ci ildə əsası qoyulan “AzMeCo” bir sahibkar və operator kimi neft-kimya layihələrinə investisiya qoyan dinamik inkişaf edən bir şirkətdir. “AzMeCo” şirkəti tamamilə özəldir və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində qabaqcıl yerlərdən birini tutur.
Nadir layihənin ümumi dəyəri 350 milyon manatdır.