MƏDƏNİYYƏT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “açıq qapı” günü təşkil olunub
Bakı, 20 may, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “açıq qapı” günü təşkil olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, “açıq qapı” günündə mərkəzi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyin və 13 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ziyarət ediblər.
Qonaqlar mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Muzey bölməsində bələdçilər ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Ulu Öndərin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı gördüyü quruculuq işləri barədə məlumat veriblər.
Daha sonra Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyin və 13 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Mərkəzin əməkdaşı Azər Zeynalzadə geniş mühazirə ilə çıxış edərək Beynəlxalq Muzeylər Gününün 1978-ci ildən etibarən bayram kimi qeyd edildiyini və ölkəmizdə fəaliyyət göstərən bütün muzeylərdə həmin tarixin “açıq qapı” günü elan olunmasını diqqətə çatdırıb. Həmin günün məqsədi qədim diyarımızın zəngin tarixini, mədəniyyətini, tarixi inkişaf yolunu özündə əks etdirən muzeylərin mədəni irsimizin qorunması, eyni zamanda təbliğində, gənc nəslin bədii və estetik zövqünün formalaşdırılması, elmi dünyagörüşünün zənginləşdirilməsi olduğunu bildirib.
Sonda Beynəlxalq Muzeylər Gününə həsr olunmuş film nümayiş olunub.