Yasamal rayonunun kitabxanalarında kitab bağışlama aksiyası keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) daxil olan bütün kitabxanalar Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar aksiya keçiriblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları Yasamal rayon 53 nömrəli tam orta məktəbi, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanalarına kitablar hədiyyə ediblər. Yazıçı Gülzar İbrahimova və kitabxananın əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü barədə məlumat veriblər.
Yasamal rayon Heydər Əliyev Mərkəzinə və kitabxananın oxucularına da kitablar hədiyyə olunub.
Bundan başqa, Əliağa Vahid adına 1 nömrəli kitabxana filialının əməkdaşları 173 nömrəli tam orta məktəbin, Abdulla Şaiq adına 2 nömrəli kitabxana filialının əməkdaşları İncəsənət Gimnaziyasının, 3 nömrəli kitabxana filialının əməkdaşları 246 nömrəli tam orta məktəbin, Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialının əməkdaşları 225 nömrəli tam orta məktəbin kitabxanalarına kitablar bağışlayıblar.