“YAŞAT” Xeyriyyə Marafonu dekabrın 8-nə kimi davam edəcək
Bakı, 8 noyabr, AZƏRTAC
“YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” Xeyriyyə Marafonu davam edir.
Marafon 7 noyabr tarixində saat 12.00-18:00-da İctimai Televiziyada (İTV), 90 FM- İctimai Radioda və Dənizkənarı Bulvar ərazisində təşkil olunan "YAŞAT" Fondunun "Zəfər" Yarmarkasında canlı yayımlanıb.
6 saatlıq yayım vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, yayım müddətində vətəndaşlarımız tərəfindən zəfər birliyi nümayiş etdirilib, yarmarka ərazisində olan vətəndaşlar, həmçinin izləyicilər tərəfindən "YAŞAT" Fonduna kütləvi ianələr daxil olub.
Marafon müddətində şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz, tanınmış ictimai-siyasi xadimlər çıxış ediblər, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə canlı bağlantılar təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər, dəstək layihələri barədə hesabat təqdim olunub.
Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə vətəndaşlarımızı dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.
Marafon “YAŞAT, Azərbaycan” şüarı ilə təşkil olunur.
Xatırladaq ki, "YAŞAT" Xeyriyyə Marafonu "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar dekabrın 8-nə kimi davam edəcək. Vətəndaşlarımız, bütün təşkilat və müəssisələr Fonda ianələr etməklə Marafona qoşula bilərlər.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau