Yazıçı Varisin imza günü keçiriləcək
Bakı, 7 mart, AZƏRTAC
Martın 9-da, İstiqlaliyyət küçəsində yerləşən “LİBRAFF” kitab mağazasında yazıçı Varis Yolçuyevin “Uzaqdan gələn yağış” adlı yeni romanının imza günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, roman müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Müəllif əmindir ki, yeni roman gənclərin birnəfəsə oxuyacağı kitab olacaq.
Onu da qeyd edək ki, bu ilin yanvar ayından satışda olan və artıq kifayət qədər maraq oyada bilən nəşr 20 faizlik endirimlə satışa çıxarılacaq.
Kitab “TEAS Press” nəşriyyatında çap olunub.