YENİ AZƏRBAYCAN PARTİYASI MASALLI RAYON TƏŞKİLATININ ALTINCI KONFRANSINDA PARTİYANIN ALİ MƏCLİSİNƏ NÜMAYƏNDƏLƏR SEÇİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının altıncı konfransı keçirilmişdir.
Konfransın iştirakçıları əvvəlcə rayon icra hakimiyyəti binasının foyesində ümummilli liderimiz Heydər Əliyevin büstünün önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
YAP Masallı rayon təşkilatının sədri Əmanət Əzizovun görülmüş işlər barədə hesabat məruzəsi dinlənilmişdir.
Partiya üzvlərinin rayonun ictimi-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etdiklərini vurğulayan məruzəçi, ötən müddətdə 87 ərazi ilk partiya təşkilatında partiya üzvlərinin sayının 4.800 nəfərə çatdığını bildirmişdir. Bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı görülən tədbirləri və qarşıda duran vəzifələri diqqətə çatdıran Ə.Əzizov, masallılıların prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə inandığını vurğulamışdır.
Yığıncaqda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli, Prezident təqaüdçüsü Şirvan Əbilov və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, ulu öndərin siyasi xəttinin YAP-ın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Konfransda Yeni Azərbaycan Partiyasının dördüncü qurultayına 5 nəfər nümayəndə seçilmişdir.
Toplantıda YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak etmişdir.