YENİ AZƏRBAYCAN PARTİYASI MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Müşavirəni giriş sözü ilə açan YAP sədrinin müavini, icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın ötənilki fəaliyyəti barədə ümumi məlumat verərək, qarşıda duran vəzifələrdən danışmışdır. Şəhər və rayon təşkilatlarının aparat işçiləri arasında keçirilən attestasiyanın və ötən ilin yekunları ilə bağlı təşkilatlarda aparılan yoxlamaların nəticələrindən danışan Ə.Əhmədov demişdir ki, əldə olunan məlumatlar bir daha təsdiq edir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının yerli təşkilatları ulu öndərimizin ideyalarının yaşadılmasında, eləcə də, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin dəstəklənməsində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlirlər. Bütün bunlarla bərabər, şəhər və rayon təşkilatlarının fəaliyyətində nöqsanlar da aşkarlanmışdır. Məqsəd nöqsanları və çatışmazlıqları iştirakçıların diqqətinə çatdırmaq, yerlərdə təşkilatçılıq işlərini daha da gücləndirmək, 2008-ci ildə keçiriləcək prezident seçkilərinə mütəşəkkil hazırlaşmaqdır.
Məlumat verilmişdir ki, YAP icra katibliyi tərəfindən yaradılan Attestasiya Komissiyasının təklifi ilə yerli təşkilatlarda aparat işçilərinin vəzifə maaşları iki dəfə artırılmışdır. Bundan əlavə, üzvlük haqlarının aşağı həddi 40 qəpik müəyyənləşdirilmişdir. Milli Məclisə boş qalan 10 yerə keçiriləcək seçkilərdə partiya namizədlərinin, bəzi seçki dairələrində isə YAP tərəfindən dəstəklənən namizədlərin təbliğat-təşviqat işlərinin normal qurulması üçün ciddi tədbirlər həyata keçirilir.
Çıxış edənlər bildirmişlər ki, şəhər və rayon təşkilatlarının fəaliyyətində aşkarlanan nöqsanların aradan qaldırılması üçün ciddi addımlar atılır.