REGİONLAR
Yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub
AZƏRTAC xəbər verir ki, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki mədəniyyət evində keçirilən konfransda 2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələrə dair məruzə dinlənilib.
Bildirilib ki, xocavəndli məcburi köçkünlərin daha sıx məskunlaşdıqları respublikanın 4 şəhər və rayonunda 17 ümumtəhsil, o cümlədən 11 tam orta, 2 ümumi orta, 4 ibtidai məktəb fəaliyyət göstərir. Ötən dərs ilində təhsilə cəlb edilən 1884 şagirdin təlim-tərbiyəsi ilə 351 müəllim məşğul olub.
2013-2014-cü tədris ilində rayon məktəblərini bitirmiş 101 məzundan, 62 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan`35 nəfəri tələbə adını qazanıb. Bundan əlavə, 7 məzun orta ixtisas məktəblərinə qəbul olunub. Rayon üzrə ən yüksək nəticə göstərən 2 nömrəli tam orta məktəbin məzunu Nəzrin Salamova 620 balla Azərbaycan Tibb Universitetinə qəbul edilib.
Konfransda yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən geniş söhbət açılıb. Bildirilib ki, yeni dərsliklər, birinci siniflərdə oxuyacaq uşaqlar üçün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 322 dəst məktəbli forması və Heydər Əliyev Fondunun hədiyyəsi olan 272 ədəd məktəbli çantası məktəblərə təqdim edilib.
Sonra yüksək nəticə ilə ali məktəblərə daxil olan məzunlara mükafatlar təqdim olunub.