Yeniyetmə cüdoçuların Bakı birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşib
Bakı, 9 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı (2008-2010-cu il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışın birinci günündə paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 232 oğlan və 22 qız cüdoçu arasında 6 çəki dərəcəsində qaliblər bəlli olub.
Belə ki, qızlar arasında Fatimə Xairova (28 kq), Dərya Bıkova (40 kq), Aysun Məmmədova (52 kq) birinci yerləri tutublar. Oğlanların yarışında isə Rza Xəlili (34 kq), Əlimühsün Hacıyev (46 kq), Əhliman İsmayılov (60 kq) qalib adını qazanıblar.
Üç gün davam edəcək turnirə ümumilikdə, 800-ə yaxın cüdoçu qatılıb.
Yarışın təşkilində əsas məqsəd perspektivli idmançıları müəyyən edərək onları U-15 yeniyetmələrdən ibarət milli komandaya cəlb etmək, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzini formalaşdırmaq, cüdonun kütləviliyinə nail olmaqdır.