Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında mübarizəni davam etdirirlər
Bakı, 18 iyun, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclərin Avropa çempionatı davam edir.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyunun 18-də 16-17 və 18-21 yaşadək gənclər mübarizəyə qatılacaq. Bütün yaş qrupları üzrə medal döyüşləri iyunun 19-da keçiriləcək.
14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın üç üzvü isə Avropa çempionatının medalları uğrunda mübarizə aparacaq. Belə ki, bazar günü finalda Əzim Rahib (+70 kg) Aleksandr Davieslə (Lüksemburq), bürünc medal görüşündə Fatimə Məmmədova (47 kg) Alyona Kahveçi (Türkiyə) ilə, Aslan Dostuyev isə Aleksis Tsangarasla (Kipr) görüşəcəklər.
Qitə çempionatında 48 ölkədən 1064 idmançı iştirak edir.