CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib
Bakı, 14 mart, AZƏRTAC
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində mağazaların birində satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkarlanıb.
Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.