Yevlaxda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax, 9 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir təşkilatın Gənclər Birliyinin fəallarının Bayraq Meydanına avtoyürüşü ilə başlamışdır.
Tədbirdə çıxış edənlər üçrəngli bayrağımızın yaranma tarixindən danışmış, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunmuş bayrağımız Sovet hakimiyyəti dövründə dəyişdirilsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən dalğalanmağa başlamışdır.
Çıxışlarda dövlət müstəqilliyimizin və bayrağımızın yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin rolundan bəhs edilmiş, dahi rəhbərin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi diqqətə çatdırılmışdır.
Tədbirin sonunda bayraq günü ilə bağlı məktəblilər arasında keçirilən rəsm müsabiqəsinə baxış keçirilmiş, qaliblər mükafatlandırılmışlar.