Yevlaxda Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub
Yevlax, 5 noyabr, AZƏRTAC
Yevlaxda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş yevlaxlı qazilərə, müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin, qazilərin, Qarabağ müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib.
Tədbir Yevlax Şəhidlər xiyabanında davam etdirilib. İştirakçılar şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək, şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan danışan icra hakimiyyətinin başçısı Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirib ki, bu gün Ümummilli Liderimizin ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoydu. Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan Ordusu möhtəşəm qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.
Diqqətə çatdırılıb ki, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.
Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş qazilər və müharibə iştirakçılarına medallar təqdim olunub.
Vətən müharibəsi qaziləri və iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.