İDMAN
Yığmanın üzvü: Komanda olaraq güclü rəqiblərə qarşı oynamağa öyrəşmişik
Bakı, 5 mart, AZƏRTAC
“İsveçrə, Türkiyə və Macarıstan yığmaları çox yaxşı komandalardır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Aysun Seydiyeva yığmanın Avropa çempionatının seçmə mərhələsindəki şansları barədə danışarkən deyib.
O, hər üç millinin güclü komanda olduğunu bildirib: “Biz komanda olaraq güclü rəqiblərə qarşı oynamağa öyrəşmişik. Bu cür matçlar komanda olaraq inkişaf etməyimizə, təcrübə qazanmağımıza kömək olur. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun nümayiş etdirək və xallar qazanaq. Kollektivə güvənirəm”.
27 yaşlı yarımmüdafiəçi qrupda favorit olan komandaların adlarını da çəkib: “Düşünürəm ki, İsveçrə və Macarıstan qrupun favoritləridir. Ancaq biz də təslim olmayacağıq. Sonadək döyüşüb Azərbaycan xalqını sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, 2025-ci ildə İsveçrədə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin qrup oyunları bu ilin aprel-iyul ayları aralığında baş tutacaq.