Yol hərəkəti qaydaları uşaqların gözü ilə
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Rəsm Qalereyasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) və Elm və Təhsil Nazirliyinin 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyi uşaqların gözü ilə” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ekspertlər, müəllim və şagirdlər iştirak ediblər.
Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi üçün vacib olan elementlərdən danışıb və yol polisinin bu istiqamətdə göstərdiyi səylərin müsbət nəticə gətirdiyini qeyd edib.
Deputat Vüqar İskəndərov isə yol-nəqliyyat hadisələrində azyaşlıların zərər görməsini faciə kimi qiymətləndirib və onların bu istiqamətdə qorunması üçün ciddi işlərin görülməsini zəruri hesab edib. O, belə təbliğat xarakterli tədbirlərin təşkilinin maarifləndirmə baxımından əhəmiyyətli olduğunu deyib.
Deputat Bəhruz Məhərrəmov bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısı ciddi mübarizə üsulu ilə azaldıla bilər: “Təbii ki, bu prosesdə nəzarət edən orqanların, həmçinin sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının üzərinə böyük məsuliyyət düşür. Necə deyərlər, kiçik xətalar böyük faciələrə səbəb olur”.
BDYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev yollarda uşaq ölümlərinə və xəsarətlərinə son qoymaq üçün hamılıqla uşaqlara erkən yaşda yol hərəkəti qaydalarının öyrədilməsinin vacibliyini vurğulayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Mübariz Ağayev isə çıxışında uşaq travmatizminin əsas səbəbləri sırasında yol qəzalarının yer tutduğunu vurğulayıb. Qeyd edib ki, dünya üzrə 14-25 yaşlı təbəqə arasında ölüm faktının böyük qismini yol-nəqliyyat hadisələri təşkil edir.
Sonda rəsm müsabiqəsində fərqlənən dərnək rəhbərləri mükafatlandırılıblar.
Xeyriyyə məqsədilə keçirilmiş satış sərgisində toplanan vəsait tədbirə qatılan uşaqların istəyi ilə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkən uşaqlara yardım məqsədilə ianə edilib.