Yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir
Balakən, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə mayın 10-da Balakən rayon Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq toplantıları və görüşləri, dünya liderlərinin dahi şəxsiyyət haqqında dediyi sözləri əks etdirən və Ümummilli Lider haqqında yazılmış kitablardan ibarət sərgiyə baxıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.
Vurğulanıb ki, müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider öz xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlib, ölkəmizi xaos və anarxiyadan qurtarıb. Ulu Öndər müstəqil Azərbaycan dövlətini yaradıb və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edib.
Qeyd olunub ki, 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Prezident seçilib və Ümummilli Liderin qurub yaratdığı müasir Azərbaycanın inkişafında yeni mərhələ başlayıb. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Əsrin adamı 100” sənədli filmi nümayiş etdirilib.
Balakəndə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tanınmış incəsənət ustalarının iştirakı ilə bədii-musiqili tədbirlə davam edəcək.