YULİ QUSMAN 65 İLLİK YUBİLEYİNİ QEYD EDİR
Şən və Hazırcavablar Klubunun məşhur üzvlərindən biri, kino xadimi və rejissor Yuli Qusman avqustun 8-də doğum gününü qeyd edir. AZƏRTAC xəbər verir ki, yubilyar İTAR-TASS-ın müxbirinə bildirmişdir ki, bir halda ki, doğum günü Olimpiadanın açılışı ilə eyni vaxta düşür, yubileyini Pekin vaxtı ilə axşam saat 8, 8 dəqiqə, 8 saniyədə qeyd etməyə başlayacaqdır.
Çində 8 rəqəminə münasibət çox ciddidir. Çinlilər üçün bu rəqəm sərvət və xoşbəxtlik rəmzidir. Ancaq Yuli Solomonoviç rəqəmlərin sehrinə inanmır. Deyir ki, hərçənd onun üçün ən düşərli rəqəmlər “üç”, “yeddi” və “doqquz” idi, indi isə onların sırasına “səkkiz” də əlavə olunacaqdır.
1943-cü ildə Bakıda anadan olan Yuli Qusman ixtisasca həkim-psixiatrdır. Ancaq ixtisası üzrə işləməyə Şən və Hazırcavablar Klubu mane olmuşdur. 1970-ci ildə onun başçılıq etdiyi bakılılar komandası çempionlar kubokunu qazananda kapitan o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevdən yalnız bir mükafat - Moskvadakı ali rejissor-ssenariçilər kursları yanında İbrahimbəyovlar qardaşlarının açdığı emalatxanada təhsil almağa göndərməyi xahiş etmişdi.
Yuli Qusman bir çox filmlər çəkmiş, teatr tamaşaları qoymuşdur. 90-cı illərin ortalarında o, Rusiya Dövlət Dumasının deputatı da seçilmişdir. Uzun illərdir ki, özünün yaratdığı Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının əvəzsiz rəhbəridir. Məşhur “Nika” mükafatını bu akademiya təsis etmişdir.
Yuli Qusman 25 ildən sonra özünün “Qorxma, mən səninləyəm” filminin davamını çəkmək niyyətindədir və hazırda ssenarini başa çatdırır. Dediyinə görə, filmdə Lev Durov, Sergey Yurski, baş rolda isə Polad Bülbüloğlu çəkiləcəklər.