YUNESKO-DA “FƏLSƏFƏ GÜNÜ” QEYD OLUNMUŞDUR
YUNESKO-nun qərarı ilə hər il noyabrın 21-i bütün dünyada “Fəlsəfə günü” kimi qeyd olunur. Bununla əlaqədar həmin gün YUNESKO-da “Qloballaşma prosessində dünya filosoflarının qarşısında duran vəzifələr” mövzusunda konfrans keçirilmişdir. Amerika, Almaniya, İtalya, Fransa, Türkiyə və Danimarka ilə yanaşı MDB məkanından yalnız Azərbaycan konfransa dəvət almışdır. Ölkəmizin filosoflarını beynəlxalq tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi - Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə təmsil etmişdir.
Türkiyənin tanınmış filosofu İyonna Kuçuradinin sədrliyi ilə keçən konfransda çıxış etmiş alimlər göstərmişlər ki, qloballaşma problemi həm güclü iqtisadi qüdrətə malik ölkələrdə, həm də müstəqillik qazanaraq demokratiya yoluna qədəm qoymuş ölkələrdə mövcuddur. Əlbəttə, bu proses bütün ölkələrdə eyni formada təzahür etmir və onun həlli yolları dövlətin inkişaf xarakterinə uyğun araşdırılır. Avropa dövlətləri liberallaşmanın keçid dövrünü yaşayır və aclıq, yoxsulluq, ekoloji və digər problemləri özündə birləşdirən qloballaşma ilə ciddi mübarizə aparır, bu problemlərlə qarşılaşmış ölkələrə yardımçı olurlar.
Sonra “Dəyirmi masa” arxasında bu mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. İ.Məmmədzadə Azərbaycan filosoflarının məşğul olduqları əsas fəlsəfi araşdırmalar barədə məlumat vermiş, ölkəmizdə qloballaşma probleminin həlli yollarının optimallaşdırılması sahəsində onların apardıqları tədqiqat işlərinin əhəmiyyətindən söhbət açmış, Azərbaycan dövlətinin fəlsəfənin, ümumiyyətlə,elmin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır.
“Dəyirmi masa”nın sonunda İyonna Kuçuradi Azərbaycanın Beynəlxalq Fəlsəfə Federasiyasına üzv qəbul olunması məsələsini irəli sürmüşdür. Onun təklifi böyük razılıq hissi ilə qarşılanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris