YUNİSEF AZƏRBAYCANDA YENİ PROQRAM HƏYATA KEÇİRƏCƏKDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov yeni təyinatı münasibətilə xanım Hana Singeri təbrik edərək, YUNİSEF-in ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirmiş, bu qurum çərçivəsində inkişaf etməkdə olan əlaqələrin vacibliyini vurğulamışdır.
Sonra xanım Hana Singer təyinatı ilə əlaqədar məktubu nazir Elmar Məmmədyarova təqdim etmiş və YUNİSEF-in 2005-2009-cu illərdə “Yeni ölkə” proqramının həyata keçiriləcəyi barədə ətraflı məlumat vermişdir.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların ağır şəraitdə yaşadıqlarını diqqətə çatdıraraq, YUNİSEF vasitəsilə belə problemlərin aradan qaldırılması istiqamətində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Xanım Hana Singer, başçılıq edəcəyi təşkilatın Azərbaycanda fəaliyyətinin bundan sonra da səylə davam etdiriləcəyinə və QİÇS-lə mübarizə, ərazilərin minalardan təmizlənməsi, şəfa ocaqlarının tikilməsi, uşaqların hərtərəfli müdafiəsi və sair üzrə görüləcək işlərin həyata keçirilməsində bu qurumun səylərini əsirgəməyəcəyini bildirmişdir.
Sonra nazir Elmar Məmmədyarov xanım Hana Singerə yeni vəzifədə fəaliyyətində uğurlar arzulamışdır.