“YUVENTUS”, “LATSİO” VƏ “FİORENTİNA” GÜCLÜLƏR DƏSTƏSİNDƏN ÇIXARILDI
Turinin “Yuventus”, Romanın “Latsio” və Florensiyanın “Fiorentina” klubları aşağı dəstəyə keçirilməklə yanaşı, mövsümə xalların mənfi balansı ilə başlayacaqlar. Onların hesabında müvafiq surətdə mənfi 30, 7 və 12 xal olacaqdır. Hər üç komanda 2006/07-ci il Avropa kuboklarında oynamaq hüququndan da məhrum edilir. “Yuventus” 2004/05 və 2005/06-cı illər mövsümlərində qazandığı bütün adlardan da məhrum olacaqdır. Korrupsiya qalmaqalında əli olan daha bir klub – “Milan” belə sərt cəzadan qurtara bilmişdir. O, A liqasında qalsa da, yeni mövsümə minus 15 xalla başlayacaqdır.
Lakin cəzalar bununla bitmir. Belə ki, “Yuventus”, “Fiorentina” və “Milan” komandaları rəhbərliyinin nümayəndələrinə İtaliyanın futbol klublarında beş il ərzində hər hansı vəzifəni tutmaq qadağan edilmişdir.
Korrupsiya qalmaqalını araşdırmış komissiyanın iyulun 14-də yayılan bəyanatında deyilir ki, klublar üç gün müddətində federal Apelyasiya Məhkəməsinə şikayət verə bilərlər. Məhkəmə iyulun 24-dən gec olmayaraq, yəni UEFA və Çempionlar Liqası kuboklarında iştirak üçün ərizə verilməsi müddətinin bitməsinə bir gün qalanadək öz hökmünü verməlidir.