“Yuventus” səfərdə “Napoli”yə məğlub olsa da liderliyini qoruyub
Bakı, 27 yanvar, Nicat Məmmədov
Yanvarın 26-da İtaliya A Seriyasının 21-ci turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, hazırkı lider “Yuventus” səfərdə əzəli rəqibi “Napoli” komandası ilə üz-üzə gəlib.
“San Paolo” stadionunda baş tutan görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Neapol təmsilçisinin heyətində Pyotr Zeelinski və Lorenzo İnsinya fərqləniblər.
Turinlilərin isə yeganə qolunu Kriştiano Ronaldo vurub.
Bu qələbədən sonra “Napoli” 27 xalla 12-ci yerdə qərarlaşıb. “Yuventus” isə 51 xalla liderliyini qoruyub.
“Qoca sinyora”nın turnir cədvəlində ən yaxın izləyicisi “İnter”in 48 xalı var.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Breşiya” - “Milan” - 0:1;
SPAL - “Bolonya” - 1:3;
“Fiorentino” - “Genoa” - 0:0;
“Torino” - “Atalanta” - 0:7;
“İnter” - “Kalyari” - 1:1;
“Verona” - “Leççe” - 3:0;
“Parma” - “Udineze” - 2:0;
“Sampdoriya” - “Sassuolo” - 0:0.
“Roma” - “Latsio” - 1:1.