Zabuxçay su anbarının tikintisinə dair müqavilələr imzalanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Zabuxçay” su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb.
ASC-nin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, imzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatının sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.
Cəmiyyətin sədri Zaur Mikayılov vurğulayıb ki, Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün tapşırıqlar yüksək keyfiyyətlə və vaxtında icra edilməlidir.
O əlavə edib ki, bu layihə tarixi əhəmiyyət daşıyır: “Layihənin icrasından sonra Qubadlı, Zəngilan rayonları ərazisində 12 min 100 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq və işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq ediləcək və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq”.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ilə birgə əməkdaşlıq təcrübəsinə sahibik və layihəni vaxtında və yüksək keyfiyyətlə təhvil verəcəyik”, - deyə Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim bildirib.
Qeyd edək ki, həcmi 26,7 milyon kubmetr olan “Zabuxçay” su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12 min 100 hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.